/ / İstifadəçi razılaşması

İstifadəçi razılaşması

Bu razılaşma RentBono mobil tətbiqindən, rentbono.com və günlükkiraye.az saytlarından istifadənin şərtlərini müəyyən edir. Servisdən istifadə edərək və ya elan yerləşdirərək bu razılaşma ilə razı olduğunuzu təsdiq edirsiniz.

Son yenilənmə: 16 oktyabr 2026

1. Ümumi müddəalar

1.1. Servis — RentBono mobil tətbiqi (iOS və Android), rentbono.com və günlükkiraye.az saytları, onların kabinetləri və bu məhsullarda yerləşdirilən məlumatdır.

1.2. Servisin operatoru RentBono MMC-dir (bundan sonra — «Administrasiya»). Servisin adı, dizaynı, proqram təminatı və məlumat bazası Administrasiyaya məxsusdur.

1.3. Bu razılaşma ictimai ofertadır. Servisdə hesab açmaq, daxil olmaq və ya elan yerləşdirmək bu razılaşmanı və «Elan yerləşdirmə qaydaları»nı qəbul etmək deməkdir.

1.4. Razılaşma ilə razı deyilsinizsə, Servisdən istifadəni dayandırın və hesabınızı silin.

2. Anlayışlar

  • İstifadəçi — Servisdən istifadə edən hər bir şəxs.
  • Qonaq — günlük kirayə üçün ev axtaran istifadəçi.
  • Mülkiyyətçi — öz əmlakını kirayəyə verən istifadəçi.
  • Vasitəçi — əmlakı mülkiyyətçinin adından və onun icazəsi ilə kirayəyə verən istifadəçi.
  • Elan — istifadəçinin günlük kirayə üçün yerləşdirdiyi əmlak (və ya tur) haqqında məlumat.
  • Kabinet — istifadəçinin elanlarını, bronlarını, xidmətlərini və ayarlarını idarə etdiyi bölmə.
  • Moderasiya — elanın yayımdan əvvəl Administrasiya tərəfindən yoxlanması.
  • Ödənişli xidmət — elan yeri, müddətin uzadılması, Premium, VIP, «İrəli çək» və tur yeri kimi xidmətlər.

3. Hesab və giriş

  • Hesab telefon nömrəsi ilə açılır; giriş kodu WhatsApp ilə göndərilir. Bir nömrəyə bir hesab düşür.
  • Hesabda öz ad və soyadınızı yazmalısınız. Başqasının adı və ya kommersiya adı ad kimi yazıla bilməz; şirkət adı üçün kabinetdə «Biznes hesabı» seçimi var.
  • Giriş kodunu heç kimə verməyin. Hesabınızda edilən hərəkətlərə görə siz cavabdehsiniz.
  • Hesabı kabinetdən silə bilərsiniz. Silinmə təsdiq kodu ilə tamamlanır; hesab 30 gün ərzində bərpa edilə bilər, sonra məlumatlar qanunun tələb etdiyi qeydlər istisna olmaqla silinir.
  • Administrasiya qeydiyyat məlumatlarının və əmlak üzərində hüququn təsdiqini istəyə bilər.

4. Servisin rolu

  • Servis elan və idarəetmə platformasıdır. Kirayə razılaşması birbaşa qonaq ilə mülkiyyətçi (və ya vasitəçi) arasında bağlanır; Administrasiya bu razılaşmanın tərəfi və ya vasitəçisi deyil.
  • Administrasiya kirayə haqqını qəbul etmir, saxlamır və ödəmir. Avans, depozit və ödəniş şərtləri tərəflər arasında razılaşdırılır.
  • Doluluq təqvimi RentBono-da yenilənən evlərdə qonaq günlükkiraye.az-da «Rezerv et» ilə sorğu göndərə bilər. Sayt sorğunu (qonağın adı, telefon nömrəsi, tarixlər və qonaq sayı) sahibə ötürür; sorğu ödəniş deyil və rezervasiyaya zəmanət vermir. Rezervasiya sahib sorğunu qəbul etdikdə yaranır; sahib 2 saat ərzində cavab verməsə, sorğu bağlanır. Sorğunun nəticəsi qonağa WhatsApp ilə bildirilir. Bu halda da Administrasiya kirayə razılaşmasının tərəfi deyil və ödəniş qəbul etmir.
  • RentBono tətbiqi sahibə təqvim, bron, qiymət, kampaniya və xərc idarəsi üçün alətlər verir. Bu alətlərdə yazılan məlumatın düzgünlüyünə istifadəçi cavabdehdir.
  • Booking.com, Expedia və digər tərəfdaş kanallara yerləşdirmə 7-ci bölmədəki şərtlərlə işləyir.

5. Elanların yerləşdirilməsi

  • Elan «Elan yerləşdirmə qaydaları»na uyğun olmalı, əmlak və şərtlər haqqında doğru və tam məlumat verməlidir.
  • Elan yerləşdirərək əmlakı kirayəyə vermək hüququnuzun olduğunu təsdiq edirsiniz. Vasitəçi mülkiyyətçinin icazəsi ilə hərəkət etdiyini təsdiq edir və elanda «Vasitəçi» kimi qeyd olunur.
  • Elan yerləşdirərək elanın günlükkiraye.az-da dərc olunmasına və elanda göstərdiyiniz əlaqə nömrələrinin qonaqlara göstərilməsinə razılıq verirsiniz.
  • Elan moderasiyadan keçdikdən sonra yayımlanır. Administrasiya elandan düzəliş istəyə, onu rədd edə, dayandıra və ya silə bilər; səbəb kabinetdə və bildirişdə göstərilir.
  • Elanın mətni, şəkilləri və videosu üçün Administrasiyaya bu materialları Servisdə və onun reklamında göstərmək üçün pulsuz, qeyri-müstəsna hüquq verirsiniz. Materiallar sizə və ya icazə verən şəxsə məxsus olmalıdır.
  • Elan Servisdə müəyyən müddət görünür; müddət, elan yeri və onların qiyməti qaydalarda və «Ödənişli xidmətlər» səhifəsində göstərilir.

6. Ödənişli xidmətlər

  • Ödənişli xidmətlərin siyahısı, qiyməti və müddəti «Ödənişli xidmətlər» səhifəsində göstərilir.
  • Aktivləşdirilmiş xidmətin haqqı qaytarılmır. Texniki səbəbdən göstərilməyən xidmət üçün haqq qaytarılır və ya xidmət yenidən aktivləşdirilir.
  • Qaydaları pozduğu üçün dayandırılan və ya silinən elana tətbiq olunmuş xidmətlərin haqqı qaytarılmır.
  • Ödənişli xidmət elanın qaydalara uyğunluğunu əvəz etmir və moderasiyadan azad etmir.

7. Tərəfdaş kanallar (Booking.com, Expedia)

  • Sahib RentBono tətbiqindən elanını tərəfdaş platformalarda yerləşdirə bilər. Kanal qoşulduqda elanın şəkilləri, təsviri, qiyməti və boş günləri platformaya ötürülür, platformadan gələn rezervasiyalar RentBono təqviminə yazılır.
  • Kanal sorğusu moderasiyadan keçir. Kanalı istənilən vaxt söndürmək olar; mövcud rezervasiyalar qüvvədə qalır və sahib onları icra etməlidir.
  • Platforma hər təsdiqlənmiş rezervasiyadan öz komissiyasını tutur və qonağın ödənişini öz qaydası ilə köçürür. Administrasiya bu rezervasiyalardan əlavə komissiya tutmur və qonağın pulunu saxlamır. Elan qaydalara uyğun olmadığı üçün platformadan çıxarılarsa, yerləşdirmə haqqı qaytarılmır.
  • Elandakı məlumatın (şəkillər, təsvir, ünvan, qiymət, giriş-çıxış saatları, ləğv siyasəti, ev qaydaları) düzgünlüyünə və təqvimin vaxtında yenilənməsinə sahib cavabdehdir.
  • Səhv və ya köhnə məlumat, təqvimdə açıq qalmış dolu tarix, rezervasiyanın sahib tərəfindən ləğvi və ya platformanın qaydalarının pozulması səbəbindən platformanın tətbiq etdiyi cərimə, əlavə komissiya, qonağa kompensasiya, qonağın köçürülməsi xərci və elanın bağlanması sahibin məsuliyyətindədir.
  • Administrasiya texniki xidmət göstərir: məlumatı ötürür və rezervasiyaları qəbul edir. Platforma, qonaq və sahib arasındakı razılaşmaların tərəfi deyil və platformanın qərarlarına (elanın bağlanması, reytinq, cərimə, ödəniş vaxtı) təsir edə bilmir.
  • Sinxronlaşma adətən bir neçə dəqiqə çəkir; platformanın və ya şəbəkənin nasazlığı səbəbindən gecikmə ola bilər. Administrasiya problem barədə bildiriş göndərir, gecikmədən yaranan zərərə görə məsuliyyət daşımır.

8. Rəylər və şikayətlər

  • Qonaq qaldığı ev haqqında rəy yaza bilər. Rəy moderasiyadan keçir və «Rəy qaydaları»na uyğun olmalıdır.
  • Sahib rəyə cavab yaza və qaydaya zidd rəydən şikayət edə bilər.
  • İstənilən istifadəçi qaydaları pozan elan, sahib və ya rəy barədə şikayət göndərə bilər. Şikayətə Administrasiya baxır və lazım olduqda tədbir görür.

9. Bildirişlər və əlaqə

  • Administrasiya giriş kodlarını, elanınız və bronlarınız haqqında bildirişləri WhatsApp, push bildirişi və e-poçt ilə göndərə bilər.
  • Sahibin razılığı ilə qonağa bron təsdiqi, dəyişikliyi, ləğvi və giriş təlimatı WhatsApp ilə göndərilə bilər.
  • Zəruri olmayan bildirişləri kabinetdə və ya tətbiqin ayarlarında söndürə bilərsiniz.
  • Administrasiya ilə əlaqə: info@rentbono.com və günlükkiraye.az-dakı «Dəstək və əlaqə» səhifəsi.

10. Qadağan olunan hərəkətlər

  • Yanlış, aldadıcı və ya mövcud olmayan əmlak haqqında elan yerləşdirmək, qiymətlə aldatmaq.
  • Başqasına məxsus şəkil, mətn və ya əlaqə nömrəsindən icazəsiz istifadə etmək.
  • Fırıldaqçılıq, avansın mənimsənilməsi, qonaqların və ya sahiblərin şəxsi məlumatlarını yaymaq.
  • Spam göndərmək, Servisdən avtomatik proqramlarla məlumat toplamaq və ya elan yerləşdirmək.
  • Servisin işinə mane olmaq, başqa istifadəçinin hesabından istifadə etmək.
  • Qanunvericiliyə, ictimai əxlaqa və üçüncü şəxslərin hüquqlarına zidd məzmun yerləşdirmək.

11. Şəxsi məlumatlar

  • Şəxsi məlumatlar «Məxfilik siyasəti»nə uyğun emal olunur.
  • Əmlakın dəqiq ünvanı və dəqiq xəritə nöqtəsi (sahib açıq seçməyibsə) ictimai göstərilmir; saytda şəhər, rayon, metro, nişangah və təxmini yer görünür.
  • Əlaqə nömrəsi qonağa yalnız ayrıca sorğu ilə göstərilir və bu sorğular statistikaya yazılır.

12. Məsuliyyətin məhdudlaşdırılması

  • Elanın məzmununa, əmlakın vəziyyətinə və elana uyğunluğuna elanı yerləşdirən istifadəçi cavabdehdir.
  • Administrasiya istifadəçilər arasındakı razılaşmaların icrasına, ödənişlərə, zərərə və itirilmiş gəlirə görə məsuliyyət daşımır. Mübahisələri tərəflər özləri həll edir.
  • Moderasiya elanın tam doğruluğuna zəmanət vermir. Qonaqlara «Təhlükəsizlik məsləhətləri»nə əməl etmək tövsiyə olunur.
  • Administrasiya Servisin fasiləsiz işləməsinə çalışır, lakin texniki nasazlıq, tərəfdaş xidmətlərinin dayanması və ya xarici hücumlar nəticəsində yaranan fasilələrə görə məsuliyyət daşımır.
  • Qanunla icazə verilən həddə Administrasiyanın məsuliyyəti istifadəçinin həmin xidmət üçün ödədiyi məbləğlə məhdudlaşır.

13. Hesabın məhdudlaşdırılması

Bu razılaşmanı və ya qaydaları pozan istifadəçinin elanları dayandırıla, hesabı müvəqqəti və ya birdəfəlik bloklana bilər. Bloklanan istifadəçi Administrasiyanın icazəsi olmadan yeni hesab aça bilməz.

14. Razılaşmanın dəyişdirilməsi

Administrasiya razılaşmanı dəyişə bilər. Yeni redaksiya bu səhifədə dərc olunduğu gündən qüvvəyə minir; əhəmiyyətli dəyişikliklər barədə Servisdə xəbər verilir. Servisdən istifadəni davam etdirmək yeni redaksiyanı qəbul etmək deməkdir.

15. Mübahisələr və tətbiq olunan hüquq

Mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll olunur. Razılaşmaya Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir; razılığa gəlinmədikdə mübahisə Azərbaycan Respublikasının məhkəmələrində həll olunur.

Razılaşmanın hər hansı bəndinin etibarsız sayılması digər bəndlərin qüvvəsinə təsir etmir.

16. Əlaqə

RentBono MMC — info@rentbono.com

Dəstək